Xəbərlər

BMT və Almaniya Trampın Zelenski ilə bağlı fikirlərini tənqid edib

“Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukrayna prezidenti Volodimir Zelenskini qeyri-legitim dövlət başçısı hesab etmir. Prezident Zelenski şəffaf keçirilən seçkilərdən sonra vəzifəsinin icrasına başlayıb”.

“Füyuzat”ın məlumatına görə, bunu BMT-nin baş katibi Antonio Quterreşin sözçüsü Stefan Düjarrik bildirib.

Həmin gün Tramp özünün “Truth Social” sosial şəbəkəsində ukraynalı həmkarını sorğularda “çox aşağı reytinqinə” baxmayaraq, dövlət başçısı postundan imtina etmədiyi və “seçkilər keçirməkdən imtina etdiyinə” görə tənqid edib. O, Zelenskini Amerika pullarını “qələbə qazanılması mümkün olmayan və heç başlamamalı olan müharibəyə” sərf etməkdə ittiham edib: “Seçkisiz diktator, Zelenski tələssə yaxşı olar, yoxsa onun ölkəsindən əsər-əlamət qalmayacaq”.

Ukrayna prezidenti Trampın sözlərinə hələlik münasibət bildirməyib. Ukraynanın xarici işlər naziri Andrey Sibiha isə ölkənin mövcud olmaq hüququnu müdafiə edəcəyinə işarə edib: “Ukrayna müasir Avropa tarixində ən dəhşətli hərbi hücuma və üç illik total müharibəyə tab gətirdi. Ukrayna xalqı və onun prezidenti Volodimir Zelenski Putinin təzyiqlərinə boyun əyməkdən imtina etdilər. Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz. Biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik”.

Almaniya hökuməti də Donald Trampın bəyanatlarını tənqid edib. Almaniya kansleri Olaf Şolts “Der Spiegel”ə müsahibəsində deyib ki, Ukrayna prezidentinin demokratik legitimliyini inkar etmək “sadəcə səhv və təhlükəlidir”: “Doğrudur, Volodimir Zelenski Ukraynanın seçilmiş dövlət başçısıdır. Müharibə şəraitində şəffaf seçkilərin keçirilməsinin mümkünsüzlüyü Ukrayna konstitusiyasında və seçki qanunvericiliyində öz əksini tapıb. Heç kim başqa cür iddia etməməlidir”.