Xəbərlər

Lavrov Türkiyədən sonra İrana gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 25-də İrana işgüzar səfər edəcək və orada iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlar aparacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, onlar yanvarın 17-də Moskvada dövlətlərarası sazişin imzalanması ilə rəsmi olaraq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Rusiya-İran münasibətlərinin ikitərəfli gündəliyini ətraflı müzakirə edəcəklər.

Danışıqlar zamanı enerji və nəqliyyat sahələrində əsas müştərək layihələrin həyata keçirilməsi kontekstində qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi önəm verilməsi planlaşdırılır.

Qeyd edilib ki, bir sıra aktual beynəlxalq məsələlər, o cümlədən Suriya, Cənubi Qafqaz, Əfqanıstan, Yəmən, Fars körfəzindəki vəziyyət, Yaxın Şərqdə nizamlanma, Xəzər problemi və İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq.