“İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda sülhün bərqərar olması yolunda irəliləyiş ola bilər”.
“Füyuzat”ın məlumatına görə, bunu Astanada Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə danışıqlarda Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.
Nazir sülh təşəbbüslərinin həyata keçirilməsi yolu ilə regional sabitliyin möhkəmləndirilməsini hər iki ölkənin məqsədi kimi göstərib və Ermənistanın Cənubi Qafqazda sülh gündəliyinə sadiq olduğunu vurğulayıb.
“Biz Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatması ilə bağlı Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatını yüksək qiymətləndiririk. Bilirsiniz, Ermənistan sazişin imzalanma tarixi və yerinin razılaşdırılması prosesinə dərhal başlamağı təklif edib ki, bu da bizim regionda sülhün bərqərar olması yolunda irəliləyiş ola bilər”, – Mirzoyan bildirib.



