Xəbərlər

Hindistan pakistanlılara viza verilməsini dayandırıb

Hindistan hökuməti aprelin 27-dən etibarən Pakistan vətəndaşlarına vizaların verilməsini dərhal dayandırmaq və daha əvvəl verilmiş vizaları ləğv etmək qərarına gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Pahalqam terror hücumundan sonra Təhlükəsizlik üzrə Nazirlər Kabinetinin qəbul etdiyi qərarların davamı olaraq, Hindistan hökuməti Pakistan vətəndaşlarına vizaların verilməsini dərhal dayandırmaq qərarına gəlib”, – nazirliyin bəyanatında deyilir.

“Hindistanın Pakistan vətəndaşlarına verdiyi bütün etibarlı vizalar 27 aprel 2025-ci il tarixindən etibarən ləğv ediləcək. Pakistan vətəndaşlarına verilən tibbi vizalar yalnız 29 aprel 2025-ci ilə qədər etibarlı olacaq. Hazırda Hindistanda olan bütün Pakistan vətəndaşları, indi edilən düzəlişlərə əsasən, vizalarının müddəti bitmədən Hindistanı tərk etməlidirlər”, – XİN əlavə edib.