Xəbərlər

Fələstin prezidenti Moskvaya səfər edəcək

“Fələstin prezidenti Mahmud Abbas mayın 8-də Rusiyaya gələcək və mayın 10-da Rusiya lideri Vladimir Putinlə danışıqlar aparacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “İzvestiya” qəzeti ölkənin Moskvadakı səfiri Abdel Hafiz Nofələ istinadən məlumat yayıb.

“Danışıqlar zamanı Qəzzada baş verən humanitar fəlakət, İsrailin hərbi əməliyyatları və münaqişənin həlli perspektivlərinin müzakirə olunması gözlənir. İki dövlət başçısı BMT Təhlükəsizlik Şurasının iyunda keçiriləcək konfransına toxuna və orada Fələstinin və İsrailin iki dövlət kimi beynəlxalq səviyyədə tanınmasına dair qərarı müzakirə edə bilər. Danışıqların gündəliyinə Qəzza sakinləri üçün humanitar yardımın və İsraildən yüklərin buraxılmaması səbəbindən tədarükün olmamasının da yer alması mümkündür. Prezidentlərin görüşü Yaxın Şərqdə eskalasiya və Fələstin xalqına qarşı artan təzyiqlər fonunda xüsusi əhəmiyyət kəsb edir”, – səfir əlavə edib.

Qeyd edək ki, iki dövlət başçısı arasında əvvəlki görüş 2024-cü ilin oktyabrında Kazanda keçirilən BRİCS sammiti zamanı baş tutub.