Xəbərlər

KİV: ABŞ “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya ötürə bilər

“ABŞ prezidenti Donald Tramp daha bir “Patriot” hava hücumundan müdafiə sisteminin Kiyevə köçürülməsi imkanını nəzərdən keçirir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Nəşr qeyd edir ki, bu, Ukraynaya ilk iri silah tədarükü ola bilər ki, bu barədə qərarı onun sələfi Co Bayden deyil, hazırkı liderin administrasiyası verib. Qəzetin yazdığına görə, Ağ Ev Pentaqondan Ukraynaya əlavə hərbi yardım göndərilməsinin mümkünlüyü barədə məlumat istəyib. Bundan əlavə, Amerika rəsmiləri digər Qərb ölkələrinin də hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürə biləcək potensiallarının olub-olmamasını öyrənirlər.

“The Wall Street Journal”ın yazdığına görə, ümumilikdə Ukrayna ABŞ-dan üç, Almaniyadan üç, Avropanın bir neçə ölkəsindən isə bir ədəd “Patriot” sistemi alıb. Qəzet qeyd edir ki, Ukrayna münaqişəsi və Yaxın Şərqdəki hərbi əməliyyatlar bu tip silah ehtiyatlarını tükəndirdiyi üçün ABŞ və müttəfiqlərinin Kiyevə nə qədər raket verə biləcəyi hələlik məlum deyil.