Xəbərlər

Tac Mahal

Tac Mahal Hindistanın şimalında, Uttar Pradeş ştatının Aqra şəhərində, Yamuna çayının sahilində 1631–1654-cü illərdə tikilmiş məqbərədir.

Tac Mahal Moğol imperatoru Şah Cahan tərəfindən sevimli həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə inşa etdirilib. Ərcümend Banu Begüm (Mümtaz Mahal) 1631-ci ildə 14-cü uşağını dünyaya gətirərkən vəfat edib. Şah Cahan onun şərəfinə dünyada tayı-bərabəri olmayan bir məqbərə ucaltmaq qərarına gəlib.

Tac Mahal islam, fars, hind və Osmanlı memarlıq üslublarının qarışığıdır. Əsas məqbərə binası ağ mərmərdən tikilib və mozaikalarla, qara mərmər yazılarla və qiymətli daşlarla xüsusi incəliklə bəzədilib. Böyük və gözəl fəvvarəli bağ içində salınmış Tac Mahal beşgünbəzli möhtəşəm binadan və künclərindəki 4 minarədən ibarət tikilidir. Hər bir minarənin hündürlüyü təqribən 40 metrdir. Türbənin xarici görünüşü mütləq simmetriya konsepsiyasına söykənir və Mümtaz Mahalın məqbərisinə nəzərən mərkəzi-ox simmetriyasına malikdir.

Bu möhtəşəm məqbərənin tikintisində istifadə olunan əsas materiallar Hindistandan, İrandan, Orta Asiyadan və digər ölkələrdən gətirilmişdir. Tac Mahalın memarı Ustad Məhəmməd İsa əfəndi olmuşdur. Bu gözəl memarlıq abidəsi ümumilikdə 20 min işçi tərəfindən ərsəyə gətirilmişdir.

Tac Mahalın divarları yarımşəffaf ağ mərmərlə örtülüb. Mərmərlər inşaat yerinin 300 kilometrliyində yerləşən daş karxanasından gətirilmişdir. Bu mərmərlər sayəsində Tac Mahal günün müxtəlif vaxtlarında fərqli rənglərə boyanır. Məsələn, səhərlər çəhrayı, gündüzlər qar kimi ağappaq, axşamlar isə gümüşü çalarlarla bərq vurur.

Kompleksin divarlarına dekorativ elementlər kimi “Qurani-Kərim”dən parçalar həkk olunub. Divarlar və tavan əlvan daşlarla – firuzə, qara, qırmızı və narıncı əqiq, malaxit, mirvari, sədəf, kəhrəba, zümrüd və yaqutla işlənib. Ümumiyyətlə, 28 növ yarımqiymətli və qiymətli daşlardan istifadə olunub. Bu daşlar Çin, Əfqanıstan, Tibet və Şri-Lankadan gətirilib.

Əfsanəyə görə, Yamuna çayının o biri sahilində qara mərmərdən oxşar tikili ucaldılmalı, bu iki tikilini birləşdirmək üçün isə çayın üzərindən boz mərmərdən körpü salınmalı idi. Amma Şah Cahan bu niyyətini həyata keçirə bilmir. Çünki Tac Mahalın tikintisi başa çatandan çox keçməmiş oğlu Şah Cahanı devirərək onu Dehli qalasına məhkum edir. Ölümündən sonra onu sevimli xanımının yanında dəfn edirlər. Hazırda onların sərdabələri türbənin içində yerləşir.

XIX əsrin sonunda Tac Mahalın müxtəlif hissələri baxımsız vəziyyətə düşmüşdür. Türbə Britaniya əsgərləri və məmurları tərəfindən qarət edilmiş və binanın divarlarındakı qiymətli daşlar sökülüb aparılmışdır. Lakin sonradan təmir işləri həyata keçirilmişdir.

Hər il milyonlarla turist Hindistana Tac Mahalı görmək üçün ziyarət edirlər.

Bu abidə 1983-cü ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, 2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində Dünyanın Yeddi yeni möcüzəsi siyahısına salınıb.

Ləman Vahid