Bakının yaşıl ürəyi sayılan Mərkəzi Nəbatat bağı Azərbaycan florasının qorunması, elmi tədqiqat və tədris işləri üçün əhəmiyyətli bir yerdir. Bura həm tarixi, həm elmi, həm də ictimai baxımdan Bakı üçün çox önəmli bir məkandır.
Bakı şəhərində ilk dəfə olaraq Botanika bağının yaradılması haqqında təkliflər artıq 1930-cu illərdə irəli sürülmüşdü. O vaxtlar Bakı şəhəri iri neft sənayəsi və Respublika mərkəzi kimi abadlaşdırılmalı və yaşıllaşdırılmalı idi. Botanika bağının elmi-tədqiqat müəssisəsi olması ilə əlaqədar 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsində P. V. Kovalskaya-İlinanın rəhbərliyi altında yaşıllaşdırma bölməsi təşkil olundu və bu bölmədə bitkilərin örtülü və açıq şəraitdə becərilməsi işinə başlanıldı.
1935–1938-ci illər ərzində burada institut binası, oranjereyalar, istixanalar, bağın əməkdaşları üçün yaşayış binası, emalatxanalar və təsərrüfat binalarının inşasına başlanıldı.
2000-ci ildə isə bağ AMEA-nın strukturundan ayrılaraq “Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağı” adı altında müstəqil elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətini davam etdirməyə başladı.
Bağda müxtəlif iqlim zonalarından gələn təxminən 2 500 bitki növü, o cümlədən 125 nadir bitki qorunur. Bağda qızılgülün 600‑ə qədər sortu, 295 tropik/subtropik bitki kimi zəngin kolleksiyalar mövcuddur.
Burada bir neçə laboratoriya və elm müəssisəsi fəaliyyət göstərir: “Bitki ekologiyası”, “Qida və dərman bitkiləri biokimyası”, “Nadir və nəsli kəsilməkdə olan bitkilər”, “Çiçəkçilik”, “Toxumçuluq”, “Bitki xəstəliklərinə qarşı mübarizə” və s.
Bağda son illərdə, xüsusən də 2024–2025-ci illərdə geniş yenidənqurma işləri həyata keçirilib. Sahəsi 39 hektardan 45 hektara çatdırılıb, yeni inzibati bina, üç bloklu istixana, göl kompleksi, körpü (650 m), restoranlar, uşaq meydançası, labirint və park meydançası tikilib, köhnə binalar bərpa olunub, suvarma, işıqlandırma, təhlükəsizlik sistemləri yenilənib.
Qeyd edək ki, 2024-cü ilin dekabrında bağın rəsmi açılışı keçirilmiş, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da bu mərasimdə iştirak etmişdir.
Bu gözəl diyarı hər il çoxlu sayda turist də ziyarət edir.
Ləman Vahid



