ABŞ hökumətinin büdcə kəsiri iyulda 291,143 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 19,4% çoxdur.
“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin Maliyyə Nazirliyi bildirib.
Verilən məlumata görə, gəlirlər 2,5% artaraq 338,492 milyard dollara çatıb. Gömrük rüsumlarından büdcəyə 27,7 milyard dollar daxil olub ki, bu da ötən ilki göstəricidən (7,1 milyard dollar) təxminən 4 dəfə çoxdur.
Xərclər isə 9,7% artaraq 629,635 milyard dollara çatıb ki, bu da iyulda ən yüksək səviyyədir. Bunlardan dövlət borcu üzrə faiz ödənişləri 91,9 milyard dollar təşkil edib.
Oktyabrın 1-də başlayan 2025-ci maliyyə ilinin on ayı ərzində ABŞ-ın büdcə kəsiri illik ifadədə 7,4% artaraq, demək olar ki, 1,629 trilyon dollara çatıb.
Gəlirlər 6,4% artaraq 4,347 trilyon dollara çatıb. Xərclər 6,7% artaraq 5,975 trilyon dollara çatıb. Hər iki göstərici rekord həddədir.



