Qədim dövrlərdə ulduzlar haqqında əfsanələr yaranırdı, müasir dövrdə isə bu ulduzlar elm adamları tərəfindən sistematik şəkildə araşdırılır, adlandırılır və öyrənilir. Yer üzündə iz qoymuş bəzi insanlar üçün isə bu ulduzlar və digər kosmik obyektlər əbədi bir yaddaş simvoluna çevrilir.
Təəccüblü deyil ki, Azərbaycan xalqının dünya elminə və mədəniyyətinə bəxş etdiyi dəyərli şəxsiyyətlərin adları da bu sonsuz səma xəritəsində öz əksini tapıb. Bəziləri asteroidlərdə, bəziləri isə Marsın səthində əbədiləşdirilib. Bu yazıda həmin adların hansı səbəblərlə verildiyini və bu tarixi hadisələrin arxasında duran mənaları ətraflı təqdim edəcik.
Müasir astronomiyada asteroidlər və ya kiçik planetlər yalnız kəşf edən alimlər tərəfindən deyil, həm də elmi və mədəni sahədə mühüm xidmətləri olan şəxslərin şərəfinə də adlandırılır. Bu adlandırma Beynəlxalq Astronomiya İttifaqı (IAU) tərəfindən rəsmi şəkildə təsdiq olunur.
Azərbaycanlılara və Azərbaycan mədəniyyətinə ithaf edilmiş asteroidlər bunlardır:
1. Nizami Gəncəvi – Dahi Azərbaycan şairi və mütəfəkkiri olan Nizami Gəncəvinin ədəbiyyata bəxş etdiyi irs təkcə Azərbaycan üçün deyil, dünya üçün dəyərli xəzinədir. Onun adını daşıyan asteroid dəyərli irsimizə hörmət nişanəsidir.
2. Nəsrəddin Tusi – Orta əsr Şərq astronomiyasının və fəlsəfəsinin ən parlaq simalarından olan Tusi həm nəzəri, həm də tətbiqi elmdə silinməz izlər buraxıb. Ona görə də asteroidlərdən birinə onun adı verilmişdir.
3. Hüseyn Cavid – Romantik ədəbiyyatın nəhəngi, milli dramaturgiyanın banilərindən biri olan Hüseyn Cavidin adının asteroidə verilməsi, onun ideyalarının və əsərlərinin kosmik genişlikdə belə yaşayacağını göstərir.
4. Müslüm Maqomayev – Dünya səhnəsində Azərbaycan musiqisinin ən görkəmli simalarından biri olan Müslüm Maqomayevin adına da asteroid verilmişdir.
5. Əyyub Quliyev – Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, Beynəlxalq Astronomiya İttifaqının üzvü, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Əyyub Quliyevin adı da asteroidə verilib. Bu onun elmə verdiyi töhfələrin təsdiqidir.
6. Azərbaycan – Dövlətimizin adını daşıyan asteroid xalqımızın qədim və zəngin mədəniyyətini, elmi ənənələrini və müstəqil yolunu kosmik simvola çevirir.
7. Şamaxı Rəsədxanası – Azərbaycanın astronomik mərkəzi olan və Cənubi Qafqazın ən böyük rəsədxanası sayılan Şamaxı Astrofizika Rəsədxanasının adı da kosmik obyektə verilib.
Yalnız asteroidlərlə kifayətlənməyən bu siyahıda əlavə olaraq Mars planetinin də adını qeyd etmək istəyirəm. Azərbaycanlı astronom Nadir İbrahimovun adı Marsda yerləşən bir kraterə verilib. Bu, NASA və USGS Planetary Nomenclature sistemində rəsmi olaraq tanınır.
İbrahimovun Marsın xəritəsinin tərtibindəki xidmətləri və Şamaxı Rəsədxanasında apardığı elmi fəaliyyətləri nəticəsində adı əbədiləşdirilmişdir.
Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahilər, indi təkcə yer üzündə deyil, səmanın sonsuz qatlarında da iz buraxırlar. Onların adlarının asteroidlərə, Mars kraterinə verilməsi mədəniyyətimizin, sənətimizin və elmimizin dünya miqyasında tanınmasının və əbədiləşməsinin bariz sübutudur.
Ləman Vahid



