İnsan cənnətdən Yer üzünə endiyi gündən dünyada gördüyü əşya və hadisələri qavramağa, eşitdiyi səs və kəlmələri mənalandırmağa başladı. Bütün bunlar bəzən onun üçün konkret mənalar daşıdı, bəzən də düşünülən, hiss edilən, lakin toxunulması mümkünsüz mücərrədliyə büründü. İnsanın zaman-zaman düşündüyü, anlayıb tərif verməyə çalışdığı mücərrəd anlayışlardan biri də onun fizioloji və ruhi həyatının mərkəzi sayılan, ürəyinin mənəvi tərəfini təşkil edən qəlb məfhumudur.
Qəlb həm yeddiqat səma kimi ucsuz-bucaqsız bir aləm, həm də heç yerə sığmayan ilahi nurun sığdığı sonsuz təcəlli məkanıdır. Nəsimitək laməkan olmağın sirrinə varıldığı, ən ülvi məqsədlərin həqiqətə çevrildiyi bir aləmdir. Orta əsrlərin böyük mütəsəvvif alimlərindən Əbdülkərim Cilinin ifadəsi ilə desək: “İnsana nəzər etməsi üçün Allahın kainata endirdiyi əzəli nur və uca sirdir qəlb”.
Mənəvi qəlbin fiziki ürəklə münasibəti eynilə bədənlə ruhun münasibətinə bənzəyir və özünəməxsus sirli tərəfləri vardır. İnsanın səhhəti üçün ürəyin sağlam olması şərt olduğu kimi, əbədi səadətin əldə edilməsi üçün də mənəvi qəlbin sağlam olması zəruridir. “Əgər o sağlam olarsa, bütün bədən sağlam olar, yox, əgər korlanarsa, bütün bədən korlanar” hədisinə əsasən, qəlb maddi və mənəvi orqanların sultanı kimi qəbul edilir.
O anlayıb dərk edən, hiss edib təsirlənən, həqiqəti qəbul, yaxud inkar edən, ilahi xitaba məzhər olan, məsuliyyət daşıyan, yaxşılığa görə mükafat alan, pisliyə görə cəza görən, gah dəyər verilən, gah xor baxılan, bəzən hidayətlə ucalan, bəzən zəlalətə yuvarlanan sirr yumağıdır. Müqəddəs Kitabımızın bir çox yerində qəlbin əhəmiyyətinə və idrak qaynağı olduğuna işarə edilir: “Onların qəlbləri vardır, lakin onunla düşünməzlər” (“Əraf”, 179), “Qəlbi olanlar üçün bunda böyük ibrət vardır” (“Qaf”, 37) və s. Habelə “Onu (ilahi həqiqətlər toplusu olan vəhyi) Ruhul-Əmin sənin qəlbinə endirdi…” (“Şüəra”, 193–194) bəyanına əsasən, insanın Allahla rabitəsində qəlbin müstəsna rolu vardır. Bütün bunları nəzərə aldıqda aydın olur ki, qəlb insan üçün onun həqiqəti dərki və yaşaması anlamında nə dərəcədə həyati əhəmiyyət daşıyır.
Qəlb insanın düşüncə və davranışlarına istiqamət verən, onlara dəyər qazandıran mənəvi mərkəz nisbətindədir. Çünki bütün düşüncə və davranışlar əvvəlcə qəlbdə kök salır, zaman keçdikcə qol-budaq atır. Sonra isə söz və hərəkətlərdə təzahür edir. Beləcə, xeyir və gözəllik düşüncəsi ilə dolan qəlb ətrafa gövhər saçır, şər və mənfi fikirlərin yuvasına çevrilən qəlb isə zülmət yayır. Bu səbəbdən də onu insanın həqiqəti adlandırırlar.
Qəlb Yaradanın camal aynasıdır. Xəta və günahlar ucbatından zaman-zaman kirlənib his-pas bağlasa da, üzərindəki toz qatını silib təmizlədikdə əzəli vəzifəsinə dönərək ilahi sirlərin nurunu əks etdirər. Qəzəb, şəhvət və digər nəfsani arzulardan, mənfi duyğulardan təmizlənib saflaşdırıldığı zaman onda təcəlli edən həqiqət sirlərini, maddi aləmin arxasındakı mənəvi aləmə aid hikmətləri idrak etmək olar. Haqqın dəyər verdiyi belə bir aynanı kirlədib və ya qırıb kənara atmaq isə insanın əzəli uca məqamına yaraşmaz. Hər kəsdə qəlb aynası olduğuna görə onun təmizliyi də insanın öz əlindədir. Qəlb eyni zamanda hər baxanın özünü gördüyü bir aynadır. Ona görə böyüklər “başqasında bir eyib görsən, o eyib səndədir, halbuki sən onda görürsən… çünki insan insanın aynasıdır” demişlər.
Qəlb kin, təkəbbür, həsəd, nifrət, riyadan təmizləndikdən sonra “qəlbi-səlim”ə çevrilər – tərtəmiz bir hala gələr. Qəlbi-səlim insana həm dünya hüzuru, həm də əbədi səadət qazandırır. Bunun ən gözəl örnəklərindən biri İbrahim Xəlilullahdır. “Qurani-Kərim”: “O, Rəbbinin hüzuruna qəlbi-səlimlə gəlmişdi”, – buyurur (“Saffat”, 84). Yəni o, Rəbbinin əmrinə müxalif olan bütün dünyəvi istəklərdən qurtulmuş, maddi-mənəvi hər şeyi ilə Ona təslim olmuşdu. İlahi həqiqətə zidd olan bütün şübhələrdən azad olmuş, imtahan olaraq yaşadığı sıxıntılara riza göstərərək Rəbbinə boyun əymişdi. İmam Cəfər Sadiq (ə) belə bir təmiz qəlbi tərif edərkən buyurur: “Səlim qəlb Allahdan başqa içində heç bir şey olmadığı halda Allahla görüşən qəlbdir”.
Qəlbi saflaşdıran dəyərlərin ən üstünü ilahi eşq atəşidir. “İlahi eşq qəlbdə Sevgilidən başqa hər şeyi yandırıb yox edər” (Həzrət Əli). Bütün alovlar yandırıb kül etdiyi halda, eşq atəşi yandırıb gül edər, gülüstanlar yaradar. Eşq alovu yandıqca qəlb cilalanar, işıqlanar. Qəlb işığa möhtac olduğu üçün içində ocaq yanmalıdır ki, əvvəlcə özü işıqlansın, sonra da ətrafa işıq saçsın. Beləcə, işığa möhtac könülləri qaranlıqdan qurtarsın. Eşq atəşi ilə yanan və işıq saçan belə bir qəlb, təbii ki, “gil əvəzinə gül, dava əvəzinə sevda yayar…”