İnsanın yer üzündəki vəzifəsini layiqincə icra etməsi üçün ona ən çox lazım olan vasitə ağıl nemətidir. Ağıl insan həyatına istiqamət verən düşüncə gücü və idrak qabiliyyətidir. Həyata məna qazandıran bu dəyər vasitəsilə insan doğru ilə yanlışı, gözəlliklə çirkinliyi, yaxşı ilə pisi bir-birindən ayıra bilir. Habelə bilinənlərdən bilinməyənləri tapıb ortaya çıxarır, görünənlərlə görünməyənlərin arasındakı fərqi tanıyır.
Ağıl yaradılış məqsədini dərk etməyə çalışan, əşya və hadisələr arasındakı səbəbləri araşdıran, insana məsuliyyət yükləyən dəyərli məfhumdur.
Ağıl düşünən, mühakimə edən, qərar verən, ilahi əmr və qadağalardakı incəlikləri qavrayan, keçmiş və gələcək arasında münasibətləri təhlil edib dəyərləndirən mənəvi cövhərdir.
İnsana ilahi hədiyyə kimi bəxş edilən ağılın dəyərini Kainatın Fəxri Həzrət Muhəmməd (s) belə ifadə edir: “Allah ağıldan daha uca varlıq yaratmamışdır. Heç kəs özünü hidayətə – doğru yola çatdıran və ya təhlükələrdən qoruyan ağıldan daha fəzilətli bir şeyə sahib deyildir”. Bu səbəbdən də doğru yolu göstərən ağıl insanın həyatda ən böyük sərmayəsidir. Onun vəzifəsi kainatdakı sonsuz rəhmət və hikmət xəzinələrini açmaqdır. Habelə ağlı sayəsində insan digər canlılar arasından seçilmiş və ilahi xitaba nail olmaqla şərəflənmişdir.
Bu qədər əhəmiyyət daşımasına baxmayaraq, ağılın varlıq aləmindəki hər şeyi tam şəkildə qavraya bilməsi qeyri-mümkündür…