Xəbərlər

İnsanın iç səsini deşifrə edən beyin çipi istehsal edilib

Stanford Universitetində hazırlanmış yeni beyin-kompüter interfeysi iflic olan insanlara yalnız öz düşüncələrindən istifadə edərək ünsiyyət qurmağa imkan verə bilər.

“Füyuzat”ın məlumatına görə, ABŞ-ın Stenford Universitetində aparılan araşdırmalar nəticəsində bu qənaətə gəlinib.

Araşdırma “Cell” jurnalında dərc olunub.

Tədqiqatlar göstərir ki, texnologiya daxili səsləri 74%-ə qədər dəqiqliklə deşifrə edə bilir və parolla idarə olunan təhlükəsizlik sistemi ilə işləyir. Beyin-kompüter interfeysləri (BCI) təkcə nitq cəhdini deyil, həm də qəsdən danışılan sözləri deşifrə edə bilir.

Texnologiya ciddi nitq iflici olan insanlara yalnız düşüncədən istifadə edərək ünsiyyət qurmağa kömək edə bilər. Tədqiqatçı Erin Kunz mövzu ilə bağlı bildirib: “İlk dəfə olaraq nitq haqqında düşünəndə beynin necə göründüyünü başa düşdük”.

Tədqiqatda ALS və beyin sapı iflici səbəbiylə danışa bilməyən dörd iştirakçının motor korteksinə mikroelektrodlar implantasiya edilib. İştirakçılar ya müəyyən sözləri söyləməyə çalışıblar, ya da sadəcə onlar haqqında düşünüblər. Bu müddət ərzində də alimlər beyin siqnallarını izləyiblər.

Sistem 125 000 sözdən ibarət lüğətdən cümlələri 74 faizə qədər dəqiqliklə deşifrə edə bilib. Tədqiqatçılar arzuolunmaz daxili səslərin oxunmasının qarşısını almaq üçün parolla idarə olunan təhlükəsizlik sistemi də hazırlayıblar.

Təcrübələrdə göstərilib ki, sistem yalnız istifadəçi müəyyən bir ifadə düşündüyü zaman işləyir. “Chitty chitty bang bang” parolu 98 faizdən çox dəqiqliklə tanınıb.

Tədqiqatçı Frank Willett bildirib ki, bu texnologiya gələcəkdə iflic olan şəxslərin təbii nitqi olan insanlar kimi ünsiyyət qura bilmələrinə kömək olacaq.