Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ABŞ və Ukrayna prezidentlərinin Vaşinqtonda keçirilən son görüşünü şərh edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə keçmiş prezident “Facebook” səhifəsində paylaşım edib.
“Görüşün əsas mövzusu ABŞ prezidenti Donald Tramp ilə avropalıların razılaşdığı Ukraynaya Amerika və Avropanın hərbi müdafiə zəmanətlərinin verilməsi olub və bu, NATO Müqaviləsinin 5-ci maddəsinə bənzər müdafiənin əldə olunması deməkdir.
Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir ilə görüşməyə razılıq verdi, onun həqiqətən seçimi yoxdur, çünki Rusiya indi tarixində ən böyük büdcə kəsirinə malikdir. Ruslar cəbhədə hücuma keçə bilmir. Putin sadəcə olaraq müharibənin sonunun onun məğlubiyyəti kimi görünməsinin qarşısını almağa çalışır. Beləliklə bu, Rusiyanın son əsrdə ən böyük məğlubiyyətidir və bu, istər-istəməz bizim regionda böyük dəyişikliklərə gətirib çıxaracaq”, – Saakaşvili qeyd edib.



