Xəbərlər

Ərdoğan: Ankara Ukrayna və Rusiya arasında təmasları asanlaşdırmağa hazırdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ərdoğanın ofisi məlumat yayıb.

Ərdoğan Zelenskiyə bildirib ki, Ankara Ukrayna və Rusiya arasında yüksək səviyyəli təmasları tam şəkildə asanlaşdırmağa hazırdır.

“Söhbət zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, Ukrayna ilə Rusiya arasında sülh prosesi, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. Prezidentimiz Ukrayna-Rusiya müharibəsinin ədalətli həllinin mümkün olduğunu, iki tərəf arasında danışıqların davam etdirilməli olduğunu, Türkiyənin yüksək səviyyəli təmasları asanlaşdırmaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirib”, – məlumatda qeyd edilib.

Ərdoğan həmçinin bildirib ki, o, Alyaskada Rusiya ilə ABŞ arasında və Vaşinqtonda ABŞ, Ukrayna və Avropa arasındakı təmasları yaxından izləyir, Türkiyə müharibəni bitirmək və davamlı sülh yaratmaq üçün səylərini davam etdirir və sülhün bərqərar olmasından sonra Ukraynanın təhlükəsizliyinə töhfə verməyə davam edəcək.