Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev beynəlxalq ictimaiyyəti sülh və təhlükəsizliyi möhkəmləndirməyə, həmçinin nüvə silahlarının tərksilahına və nüvə sınaqlarından imtinaya nail olmağa çağırıb.
“Füyuzat”ın məlumatına görə, o bu barədə Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günü münasibətilə açıqlamasında bildirib.
“Xalqımız nüvə silahı sınağının ən ağır nəticələrinin qurbanına çevrilib. Bu faciə təkrarlanmamalıdır. Gələcək nəsillər naminə biz sülhü möhkəmləndirməli, beynəlxalq əməkdaşlığı inkişaf etdirməli, nüvə tərksilahına nail olmaq üçün səy göstərməli və nüvə sınaqlarından imtina etməliyik. Sülh və təhlükəsizlik bütün bəşəriyyəti birləşdirən ən yüksək dəyərlərdir”, – o qeyd edib.
Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günü Qazaxıstanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 2 dekabr 2009-cu ildə (64/35 saylı qətnamə) təsis edilib. Qərara görə, hər il 29 Avqust Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günü kimi qeyd olunur.
Tarixin seçilməsi 29 avqust 1991-ci ildə dünyanın ən böyük nüvə poliqonlarından biri olan Qazaxıstandakı Semipalatinsk nüvə poliqonunun bağlanması ilə bağlıdır.
2010-cu ildən bu gün hər il qeyd edilir. Simpoziumlar, konfranslar, sərgilər, mühazirələr keçirilir. Onların məqsədi insanları nüvə silahı sınaqlarının nəticələri haqqında məlumatlandırmaq və BMT-nin, dövlətlərin, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin nüvə sınaqlarını dayandırmaq üçün səylərini gücləndirməkdir.



