Xəbərlər

Ali Rada Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı müraciət edib

Ukrayna parlamenti Rusiyada prezident seçkilərinin keçirilməsi ilə bağlı digər dövlətlərin hökumət və parlamentlərinə, beynəlxalq təşkilatlara, parlament assambleyalarına müraciət edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak öz “Telegram” kanalında məlumat verib.

Rada Donbass, Novorossiya və Krımda seçkilərin təşkili və keçirilməsinə görə Rusiya Federasiyasının hərəkətlərini pisləməyə çağırıb. Parlamentarilər həmçinin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıblar.

Müraciəti qəbul edən parlament bütün Ukrayna ərazisində elan edilən hava hücumu xəbərdarlığı ilə əlaqədar fəaliyyətini dayandırıb.

Ukrayna Xarici İşlər Nazirliyi öz növbəsində xarici dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edərək Rusiya Federasiyasındakı seçkilərə beynəlxalq müşahidəçilər göndərməmək və onların nəticələrini tanımaqdan çəkinmək xahişi ilə müraciət edib.