Qurban Səidin 1937-ci ildə qələmə aldığı “Əli və Nino” romanından ilhamlanaraq məşhur gürcü rəssamı və heykəltəraşı Tamara Kvesitadze tərəfindən inşa edilən, azərbaycanlı oğlan Əli ilə, gürcü qızı Ninonun faciəli sevgi hekayəsini əks etdirən heykəl – “Əli və Nino”.
Gürcüstanın Batumi şəhərində dənizkənarı bulvar ərazisində yerləşən heykəl hər il saysız-hesabsız turistin bura axınına səbəb olur.
Kompleks hərəkət edən iki insan heykəlindən ibarətdir. Bütün konstruksiya paslanmaz poladdan təşkil olunmuşdur. Abidənin hündürlüyü 8 metrdir. Bir-birindən aralı olan metal konstruksiyalı qadın və kişi heykəli hər 8–10 dəqiqədən bir birləşir. Heykəllər spiralvari quruluşda hazırlanmışdır ki, bu da onların zamanla bütöv şəkildə olmasına səbəb olur.
Bu abidənin inşasına 2007-ci ildən başlanıb, 2010-cu ildə isə təmir işləri tam başa çatıb.
Heykəlin açılış mərasimində Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edərək bu heykəlin “Gürcüstan və Azərbaycan xalqları arasında dostluğun rəmzi” olduğunu bildirib.
Qeyd edək ki, 2015-ci ilin avqust ayında Batumi hökuməti abidəni dənizin təsirindən qorumaq üçün köçürmə işləri apardı. Köçürmə zamanı Nino fiquru zədələndi, lakin tezliklə bərpa edilərək dəniz sahilindən 50 metr kənara daşındı.
Abidəyə baxdıqda görürük ki, iki heykəlin ikisinin də qolları yoxdur. Bəs buna səbəb nədir?
“Əli və Nino” heykəlində fiqurların qollarının olmaması, əslində, təsadüfi deyil, bu, heykəltəraş Tamara Kvesitadze tərəfindən şüurlu olaraq verilmiş simvolik bir qərardır.
Qolların təsvir olunmaması Əli və Nino arasındakı sevginin daha çox ruhani, mənəvi, daxili bir bağlılıq olduğunu simvolizə edir. Eyni zamanda da bu sevgidə tamamlanmayan, davamlı ayrılıq hissini daha da gücləndirir. Sanki onlar bir-birinə “sarılmaq” istəyirlər, amma heç vaxt bacarmırlar.
Qeyd edək ki, “Əli və Nino” heykəli populyar “BrightSide” saytı tərəfindən tərtib edilən dünyanın 15 ən qeyri-adi və möhtəşəm heykəltəraşlıq nümunəsi siyahısında yer alıb.
Ləman Vahid



