Xəbərlər

Ay Tutulmaları – “Qanlı Ay”

Günəş, Yer və Ay eyni xətt üzrə düzüləndə və Yer kürəsinin kölgəsi Ayın üzərinə düşəndə baş verən astronomik hadisəyə Ay tutulması deyilir. Bu zaman Günəşdən gələn işıq Yerin arxasında qalan Aya çatmır və Ay tam, ya da qismən qaranlıqda qalır.

Ay tutulması yalnız Ayın dolunay fəzasında baş verə bilər. Lakin hər dolunay zamanı tutulma olmur. Çünki tutulmanın baş verməsi üçün üç göy cisminin – Günəş, Yer və Ayın eyni xətt üzrə düzülməsi tələb olunur. Bu cərgələnmə isə orbitin meyilliliyi səbəbilə nadir hallarda baş verir.

Ay tutulmasının 3 növü var:

1. Tam (total) Ay tutulması

    Bu zaman Ay Yerin kölgəsi (umbra) ilə tam əhatə olunur və qırmızımtıl rəng alır. Bu hadisəyə “Qanlı Ay” deyilir. Tutulma bir neçə saat çəkə bilər. 7 sentyabrda baş vermiş və cari ilin son Ay tutulması – “Qanlı Ay” buna misal göstərilə bilər.

    2. Qismən (partial) Ay tutulması

      Ayın yalnız bir hissəsi Yerin tam kölgəsinə düşür. Bu zaman Ayın bir hissəsi qaranlıq, digər hissəsi isə işıqlı görünür.

      3. Yarımkölgəli (penumbral) Ay tutulması

        Ay yalnız Yerin yarımkölgəsindən (penumbra) keçir. Bu növ tutulma çox zəif görünür və bir qədər solğunluqla müşahidə olunur.

        Ay tutulmasının xeyir və zərərləri nələrdir?

        Ay tutulması zamanı astronomlar Yerin atmosferi və Ay səthi barədə daha geniş tədqiqatlar apara bilirlər. Bu cür hadisələr insanların astronomiyaya marağını artırır və təhsil məqsədilə geniş istifadə olunur.

        Tarix boyu Babil, Çin, Maya və Hind sivilizasiyaları tutulmaları müşahidə edərək təqvimlər qurmuş və öz mifoloji dünyagörüşlərini formalaşdırmışlar.

        Qeyd edək ki, Günəş tutulmasından fərqli olaraq, Ay tutulmasını gözlə birbaşa izləmək təhlükəsizdir. Çünki Ay yalnız Günəş işığını əks etdirir, öz işığı yoxdur.

        Bu hadisə ilə bağlı hansı miflər mövcuddur?

        Elmi baxımdan Ay tutulmasının insan sağlamlığına və ya təbiətə heç bir zərəri yoxdur.

        Lakin qədim dövrlərdə insanlar tutulmaları, xüsusilə də “Qanlı Ay”ı uğursuzluq əlaməti hesab edirdilər. Onlar bu hadisəni “göydə olan qəzəb”, dünyanın sonunun əlaməti və ya şər niyyətlərin başlanğıcı kimi yozurdular. İnanırdılar ki, tutulmanı izləyən insanın həyatında mənfi hadisələr baş verə bilər. Bu düşüncələrin isə heç bir elmi əsası yoxdur.

        Ay tutulması kainatın nə qədər dəqiq və sistemli işlədiyini göstərən möhtəşəm astronomik hadisələrdən biridir. Tarix boyu mifoloji anlamlar yüklənsə də, müasir dövrdə Ay tutulmaları elmi və estetik baxımdan maraqlı hadisələr kimi qəbul edilir. Zərərsiz və təhlükəsizdir. Əksinə, bu cür hadisələri izləmək kainata olan marağımızı artırır və bizə kosmosla daha dərin bağ qurmaq imkanı yaradır.

        Ləman Vahid