Əfsanəvi varlıqlar dünya mifologiyasında insanların xəyal gücünü əks etdirən ən maraqlı obrazlardan biridir. Bu varlıqlar içərisində kentavr – yuxarı hissəsi insan, aşağı hissəsi at olan qəribə və güclü məxluq xüsusilə Yunan mifologiyasında önəmli yer tutur. Kentavrlar həm qorxulu, həm də müdrik simalarla təsvir olunmuşdur və onlar əsrlər boyu ədəbiyyatda, incəsənətdə, həmçinin mədəniyyətdə maraq obyektinə çevrilmişdir.
Kentavrlar ilk dəfə Qədim Yunan mifologiyasında meydana gəlib. Onların yaranışı haqqında müxtəlif versiyalar mövcuddur. Tədqiqatçılar kentavrla bağlı bir çox araşdırmalar aparıblar.
Araşdırmalar nəticəsində yunanların kentavr obrazını at minmiş skif döyüşçüləriylə qarşılaşdıqdan sonra (çox vaxt yunan döyüşçüləri piyada qoşunda toplaşırdı) yaratdıqları qənaətinə gəlinmişdir. Belə ki, atı ilk dəfə əhliləşdirənlərin türk tayfaları olmasıyla yanaşı, həmçinin müxtəlif mənbələrdəki kentavr təsvirlərinin uzun, qıvrım saçılı və yaxşı ox atma qabiliyyətinə malik canlılar kimi verilməsi də diqqət çəkən faktlardır.
Kentavrlarda bədənin yuxarı hissəsi insan (baş, sinə, qollar), aşağı hissəsi isə at (dörd ayaq, quyruq) formasında təsvir olunur. Bu hibrid görünüş onların həm fiziki güc, həm də intellektual potensiala sahib olduqlarını göstərir. Lakin miflərdə onların xarakterləri fərqlidir – bəziləri vəhşi və nəzarətsiz, digərləri isə müdrik və mərhəmətli kimi təqdim olunur.
Yunan mifologiyasında da kentavrlar, əsasən, iki əsas qrupa bölünür: vəhşi və idarəolunmazlar, ağıllı və müdriklər.
Kentavrların təsviri qədim rəsmlərdə, heykəltəraşlıqda geniş yer alır. Ədəbiyyatda isə kentavr obrazı fantastika və fantaziya janrlarında tez-tez rast gəlinən bir obrazdır. Məsələn: “Narniya xronika”larında, “Harri Potter” seriyasında və s.
Müasir dövrdə kentavr obrazı tez-tez insanın daxili balansını tapmaq, öz instinktiv hisslərini ağıl və şüurla nizamlamaq kimi mənəvi anlayışlarla əlaqələndirilir. Onlar həm də təbiətə yaxınlıq, azadlıq və vəhşi təbiətin səsi kimi də düşünülə bilər.
Astrologiyada isə Oxatan (Sagittarius) bürcü kentavr simvolu ilə təmsil olunur. Bu bürc filosofik düşüncə, macəra axtarışı və bilik istəyi ilə əlaqələndirilir.
Kentavrlar sadəcə mifoloji varlıq olmaqla qalmayıb, onlar həm qədim mədəniyyətlərin xəyal gücünü, həm də insanlığın daxili sınaqlarını əks etdirən maraqlı və çoxqatlı obrazlardır.
Ləman Vahid



