Xəbərlər

V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransı keçiriləcək

Sentyabrın 24-26-da Azərbaycan Dillər Universiteti (ADU) Türkiyənin Səlcuq Universiteti ilə birgə V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransı keçirəcək.

“Füyuzat”ın məlumatına görə, konfransda 14 ölkənin – Azərbaycan, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, Çexiya, Əlcəzair, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə və Yunanıstanın 102 universitetindən 234 elm adamı iştirak edəcək.

Məruzələr həm əyani, həm də onlayn formatda, konfransın işçi dilləri olan Azərbaycan, türk, ingilis, rus, ərəb və Çin dillərində dinləniləcək. Konfransın açılışı sentyabrın 24-ü saat 10:00-da Azərbaycan Dillər Universitetinin R.Behbudov küçəsi 134 ünvanında yerləşən əsas binasında olacaq.

Konfrans müddətində ümumilikdə 42 bölmə və 1 xüsusi paneldə 223 məruzənin dinlənilməsi planlaşdırılır. Konfransın istiqamətləri dilçilik, tərcümə, ədəbiyyatşünaslıq, pedaqogika, mədəniyyətşünaslıq və xarici dil tədrisi üzrədir.

Xaricdən gələn qonaqlar üçün Bakının tarixi məkanlarını, muzeylərini, turistik yerlərini əhatə edən şəhər gəzintisi keçiriləcək.

Qeyd edək ki, konfransın materialları tezislər toplusu və məqalələr toplusu olmaqla iki fərqli kitab şəklində Türkiyənin beynəlxalq nəşriyyat statusuna sahib “Cizgi Yayınevi”ndə yayımlanacaq.