Bakı Ekspo Mərkəzində təşkil edilmiş XI Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı şair-esseist Qismət Rüstəmovla görüş keçirilib.
“Füyuzat”ın məlumatına görə, sərginin ana mövzusu “Texno-insa: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusunda danışan fəxri yazar texnoloji tərəqqinin insana, ədəbiyyata və mədəniyyətə təsiri barədə danışıb.
“Bizim ədəbi düşüncəmizdə 40-cı otaq anlayışı var. Hansı ki bu otaq, bir növ, toxunulmazdır, ora girmək, onunla təməsda olmaq olmaz. Lakin müasir ədəbiyyat onu deyir ki, ora toxunmaq lazımdır, o mərhələni aşmaq lazımdır. Yalnız bu halda inkişaf mümkündür”, – Q.Rüstəmov bildirib.
Müzakirə zamanı dünya ədəbiyyatında adıçəkilən mövzulara müraciət, bunun müasir Azərbaycan ədəbiyyatında tətbiqi məsələləri ətrafında fikirlər ifadə olunub.
Qismət Rüstəmov həmçinin Azərbaycandakı kitab sənayesi, naşir-müəllif, nəşriyyat-oxucu problemlərinə də toxunub.
“Dünya praktikasında yeni müəllifi nəşriyyatlar üzə çıxarır. Lakin bu bizdə belə deyil. Bizdəki nəşriyyatlar daha çox artıq tanınan, imzası oxuculara yad olmayan imzalarla işləyir, onları nəşr edirlər”.
Müzakirənin sonunda müəllifi olduğu şeirlərdən də oxuyan şair oxucular üçün kitab imzalayıb.
Qeyd edək ki, sərgi oktyabrın 7-dək davam edəcək. Sərgiyə hər gün 10:00-dan 20:00-dək giriş pulsuzdur.



