2025-ci ildə Daş Təpələr Layihəsi çərçivəsində 10 fərqli sahədə qazıntılar davam etdirilir. Bu ərazilərdən biri olan Karahantəpədə aparılan son qazıntılar zamanı ilk dəfə olaraq insan üzünün təsvir olunduğu T şəkilli obelisk aşkar edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Verilən məlumata əsasən, şəhərdə və ətrafında tapılan T şəkilli sütunlardakı qol və əl relyefləri bu daşların insanı simvolizə etməsi fikrini gücləndirib.
Karahantəpədə tapılan bu yeni tapıntı Neolit dövrü tədqiqatlarında dönüş nöqtəsi hesab olunur, çünki T şəkilli sütunda insan üzü ilk dəfə olaraq oyulmuş şəkildə təsvir edilib.
Daşın yuxarı hissəsindəki üz təsviri kəskin və dərin xətlərə malikdir, çuxurları və küt burnu ilə daha əvvəl Karahantəpədə tapılan insan heykəllərinə bənzər bir üsluba malikdir. Bu kəşf Neolit insanlarının təkcə texniki ustalığını deyil, həm də onların özünü ifadə tərzini və mücərrəd düşüncə gücünü ortaya qoyur.
T şəkilli sütunların dam üçün dayaq rolu oynamaqdan əlavə də simvolik məna daşıdığı qəbul edilmişdir. Bu kəşf daşların ilk dəfə olaraq insanları üz cizgiləri ilə birbaşa təsvir etdiyini bildirib.
Cənub–Şərqi Anadoluda aparılan bu tədqiqatlar bəşər tarixinin ən qədim dövrlərinə dair yeni fikirlərin meydana çıxmasına səbəb olur.



