Nizami Kino Mərkəzində IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı olub.
“Füyuzat“ın AZƏRTAC-a istinadən məlumatına görə, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib ki, tədbirdə festivalın direktoru, rejissor İmam Həsənov qonaqlara festivalın proqramı barədə məlumat verib.
Onun sözlərinə görə, IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalına dünyanın 60-a yaxın ölkəsindən 200-dən çox film üçün müraciət daxil olub. Onların arasından 57 film seçilərək müxtəlif kateqoriyalar üzrə müsabiqə proqramlarına daxil edilib.
Açılış mərasimində Azərbaycan Respublikası Kino Agentliyinin rəhbəri Rəşad Əzizov, Azərbaycan Kinematoqrafçılar İttifaqının beynəlxalq layihələri üzrə meneceri Afaq Yusifli də çıxış edərək festival təşkilatçılarını və iştirakçıları təbrik ediblər.
Afaq Yusifli çıxışında Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) festival hərəkatını daim dəstəklədiyini bildirib: “Sənədli kino təkcə kinomuzun yox, ümumiyyətlə, cəmiyyətimizin inkişafı üçün vacib sənət növüdür. Buna görə də, AKİ bu festivalı dəstəkləyir. Bu dəfə isə sadəcə dəstək verməklə kifayətlənməyib və festivalın əsas tərəfdaşı olub”.
Çıxışlardan sonra rejissor Seyran Mahmudoğlunun “Evim” tammetrajlı sənədli filmi nümayiş olunub.



