Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) vətənpərvərlik ruhunu əks etdirən əhəmiyyətli tədbir keçirilib.
“Füyuzat” “Azərbaycan müəllimi”nə istinadən bildirib ki, Memarlıq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi tələbə və müəllimlərin böyük marağına səbəb olub.
Sərgi Azərbaycanın şanlı Zəfər tarixini, igid oğullarımızın qəhrəmanlıq salnaməsini incəsənətin dili ilə təqdim etməklə yanaşı, gənc nəsildə vətənə sevgi və milli qürur hisslərini daha da möhkəmləndirməyi hədəfləyib.
Sərgidə tələbələrin Zəfər mövzusuna həsr etdikləri əsərlər nümayiş olunub. Hər bir tablo xalqımızın birlik və dözüm ruhunu, əsgərlərimizin igidliyini və şəhidlərimizin unudulmaz fədakarlığını təsvir edib. Xüsusilə şəhid ailələrinə, qazilərə və müharibə qəhrəmanlarına ithaf olunan əsərlər ziyarətçilərdə dərin emosional təəssürat yaradıb.
Tədbirin sonunda sərgidə fərqlənən tələbələrə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplomlar verilib.



