Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından beş il ötür.
“Füyuzat”ın AZƏRTACA istinadən verdiyi məlumata görə, bununla əlaqədar Gəncə Memorial Kompleksində anım mərasimi təşkil olunub.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərdə fəaliyyət göstərən universitetlərin rektorları, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları memorial lövhənin önünə tər çiçəklər düzüb, şəhidlərin ruhuna dərin ehtiramlarını bildiriblər.
Qeyd olunub ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə müxtəlif vaxtlarda dəfələrlə raket atəşinə məruz qalıb. Bu hücumlar nəticəsində 6-sı uşaq olmaqla 26 mülki şəxs həyatını itirib, 180-ə yaxın dinc sakin isə yaralanıb. Mülki şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində xüsusi Memorial Kompleks inşa edilib. Gəncə Memorial Kompleksinin açılışı cari ilin 27 sentyabr tarixində – Anım Günündə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Bu Memorial Kompleks Azərbaycanın mülki əhaliyə qarşı törədilmiş terrora cavabı, şəhidlərin əziz xatirəsinə dərin ehtiramın və gələcək nəsillərə sülhün, ədalətin əhəmiyyətini göstərən simvolik bir rəmzdir.
Daha sonra din xadimi tərəfindən Azərbaycan Respublikasının suverenliyi uğrunda həlak olan bütün şəhidlərin ruhuna dualar oxunub.



