Xəbərlər

Azərbaycan Xivədə keçirilən “Xalçaların parıltısı” sərgi-festivalında təmsil olunub

Azərbaycan Özbəkistanın Xivə şəhərində, “Arda Xivə” turizm kompleksində keçirilən “Xalçaların parıltısı” adlı birinci beynəlxalq sərgi-festivalında təmsil olunub.

“Füyuzat”ın “Report”a istinadən məlumatına görə, sərgidə Özbəkistanın müxtəlif bölgələrindən, həmçinin Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstandan gələn sənətkarlar, alim və incəsənət xadimləri, mühəndislər, dizaynerlər, sahibkarlarla yanaşı, Xarəzm vilayətinin minlərlə sakini və qonaqları iştirak ediblər.

Sərgidə Azərbaycanı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Bakıdan gələn xalçaçı rəssam, miniatür ustası Ağasadıq Süleymanov təmsil edib.

Sərginin Azərbaycan guşəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təqdim etdiyi Qarabağ, Naxçıvan, Gəncə, Quba, İrəvan, Təbriz, Borçalı, Dərbənd və digər bölgələrimizə aid xalça nümunələri, həmçinin Azərbaycan xalça sənətinə dair albomlar nümayiş olunub. Ağasadıq Süleymanov öz kiçik dəzgahında xalçaların toxunmasını əyani şəkildə təqdim edib.

Sərgi-festival çərçivəsində “Özbəkistan xalçaçılığı: “ənənə və innovasiya” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans da keçirilib.

Festivalın yekun tədbirində müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb. Azərbaycandan gələn xalçaçı rəssam Ağasadıq Süleymanov “Gənc xalçaçı rəssam” nominasiyasında birinci mükafata layiq görülüb, ona sertifikat və hədiyyələr təqdim olunub.

Sərgi-festivalda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi xalça sənətinin zəngin ənənələrini, milli üslubun bədii dərinliyini və Azərbaycan xalçalarının estetik gözəlliyini təqdim etdiyi üçün təşkilatçılar tərəfindən fərqlənmə diplomu ilə təltif olunub.