Xəbərlər

Yaponiyada tarixi hadisə – İlk qadın Baş nazir

Yaponiyanın imperiya dövründən bəri kişilərin dominant olduğu siyasi səhnəsində mühüm bir mərhələ baş verib: 2025‑ci il oktyabrın 21‑də Yaponiyanın hakim Liberal Demokrat Partiyasının sədri Sanae Takaiçi parlamentdə 450 səsdən 237 səsi toplayaraq ölkənin yeni Baş naziri seçilib.

“Füyuzat”ın məlumatına görə, 64 yaşlı Takaiçi Yaponiyanın ilk qadın Baş naziri olub.

Yaponiyada gender bərabərliyi kəskin şəkildə pozulub. Məhz bu dövrdə idarəçiliyə Takaiçinin gəlməsi ölkədə tarixi bir hadisə kimi qiymətləndirilib.

Qeyd edək ki, 2025-ci ildə Dünya İqtisadi Forumunun Gender Bərabərliyi İndeksində Yaponiya 148 ölkə arasında 118-ci yeri tutub.

Həyatı və fəaliyyəti

Sanae Takaiçi 1961-ci ildə Nara şəhərində atası avtomobil satıcısı, anası polis əməkdaşı olan ailədə dünyaya gəlib.

O, 1984-cü ildə Kobe Universitetinin Biznes fakültəsini bitirib, sonra Matsushita Dövlət İdarəçilik İnstitutunda təhsil alıb. Bir müddət Vaşinqtonda jurnalist kimi çalışıb və ABŞ-də feminist siyasətçi Patrikia Şroederin ofisində təcrübə keçib.

1993-cü ildə siyasətə qoşulan Takaiçi qısa müddətdə Yaponiyanın sabiq Baş naziri Şinzo Abenin yaxın müttəfiqlərindən birinə çevrilib. O, müxtəlif illərdə daxili işlər və rabitə naziri, iqtisadiyyat və ticarət üzrə nazir müavini, eləcə də beynəlxalq ticarət məsələləri üzrə dövlət katibi kimi vəzifələrdə çalışıb.

Takaiçi ölkənin müdafiə gücünün artırılmasını, ənənəvi dəyərlərin qorunmasını və immiqrasiyanın məhdudlaşdırılmasını dəstəkləyir. Onun fikrincə, Yaponiya “öz milli kimliyini və qürurunu” qorumağa borcludur.

Xatırladaq ki, Yaponiyanın Baş naziri Şiqeru İşiba sentyabrın əvvəlində istefa verib