Berlində keçirilən Almaniya Logistika Assosiasiyasının Təchizat Zənciri və Müştəri Təcrübəsi Konqresində (BVL Supply Chain CX 2025) Orta Dəhliz və Azərbaycanın bu layihədəki strateji roluna dair geniş müzakirələr aparılıb.
“Füyuzat” bu barədə AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Konqres çərçivəsində keçirilən “Yeni marşrutlar – yeni bazarlar: Orta Dəhliz Cənubi Qafqazda və Mərkəzi Asiyada iqtisadi inkişafın sürətləndiricisi kimi” adlı panel sessiyada çıxış edib.
Sessiyaya moderatorluq edən “LUNO–Group” şirkətinin baş icraçı direktoru Mirko Novak mühüm alternativ logistika imkanı təqdim edən Orta Dəhlizin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının inkişafına töhfə verməklə yanaşı, Avropa ilə Asiya arasında mühüm iqtisadi-ticari körpü rolunu oynadığını vurğulayıb.
Azərbaycanın liman, dəmir yolu və avtomobil yolu infrastrukturunun genişləndirilməsinə illərdir böyük sərmayələr qoyduğunu vurğulayan diplomat, illik 5 milyon ton yükdaşıma qabiliyyətinə malik Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin Cənubi Qafqazı birbaşa Türkiyə və Avropa ilə birləşdirdiyini, yük dövriyyəsi 15 milyon ton və 100 min TEU olan Bakı dəniz limanının dəniz, dəmir yolu və avtomobil daşımalarını birləşdirən multimodal qovşaq rolunu oynadığını qeyd edib. Həmçinin Xəzərdə ən böyük donanmaya malik Azərbaycanda 9 beynəlxalq hava limanının fəaliyyət göstərdiyi vurğulanaraq, ötən il ölkəmiz vasitəsilə 14,5 milyon ton tranzit yük daşındığı, bunun 4 milyon tondan çoxunun Orta Dəhliz vasitəsilə həyata keçirildiyi diqqətə çatdırılıb.
Orta Dəhlizin getdikcə sənaye istehsalı və davamlı dəyər zəncirinin formalaşdığı marşrut kimi inkişaf etdiyini deyən səfir bu baxımdan Avropanın aparıcı kommersiya nəqliyyatı istehsalçılarından “MAN Truck & Bus” şirkətinin Azərbaycan tərəfi ilə Anlaşma Memorandumu imzaladığını, layihə çərçivəsində ölkəmizdə elektrikli şəhər avtobuslarının yığımının və istehsalının nəzərdə tutulduğunu bildirib.
Həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması ilə regionda yeni əməkdaşlıq mərhələsinin başlandığı qeyd edilib, TRİPP marşrutunun önəmi vurğulanıb və Azərbaycanın Ermənistana yüklərin tranzit daşınmaları üzərindən bütün məhdudiyyətləri qaldırdığı vurğulanıb. Qeyd olunub ki, nəticədə ilk dəfə olaraq Qazaxıstandan Ermənistana ölkəmiz üzərindən buğda tranziti uğurla həyata keçirilib, bu da sülhün reallığa çevrilməsinin göstəricisidir.
Çıxışda Ələt qəsəbəsində yaradılan və hava limanına malik müasir yük-logistika mərkəzinin Avrasiyanın ən böyük multimodal logistik qovşaqlarından birinə çevriləcəyi qeyd edilib.
Özbəkistanın və Tacikistanın Almaniyadakı səfirləri, Qazaxıstan səfirinin müavini, eləcə də Almaniyanın “Gebrüder Weiss” şirkətinin baş icraçı direktoru Orta Dəhlizin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi inkişafında, geosiyasi mövqeyinin güclənməsində rolundan danışıb, layihənin nəqliyyat, logistika, enerji və xidmət sektorlarında investisiya cəlbediciliyini də artırdığını vurğulayıblar.



