Aygün Əzimova Füyuzat 145

Maarifçilikdən istiqlala gedən yol

Ömər Faiq Nemanzadə məqalələrində dövrün ziyalılarına üz tutaraq onları millətini tanımağa, onun namusunu, diriliyini, mənfəətini öz namusu, öz mənfəəti hesab etməyə səsləyir. Ədib “dostluq” xəncəri ilə dəfələrlə yaralanmağımıza baxmayaraq, hələ də millətimizin ruhunda kök salmış, milli əxlaq yerini tutmuş və möhkəmlənmiş itaətkarlığı qamçılayır, bunu qabalığımız, quru cahilliyimiz kimi təqdim etməklə milli mənfəətimizə endirilən balta adlandırır. O bu barədə “Açıq söz” qəzetinin 10 yanvar 1917-ci il sayında yazırdı: “Vaxtdır ki, biz də bu həqiqətləri qanıb yaşamağa layiq olduğumuzu, millətimizin şərəfini, dinimizin “səlamət”liyini quru söz, lovğalıq ilə yox, əməlimizlə, köməyimizlə göstərək”.

Ədibin milli kimliyimizlə bağlı məqalələri daha çox maraq doğurur. “Qardaş köməyi” dərgisində dərc olunan maraqlı, bu günümüz üçün aktual olan yazılardan biri olan “Mən kiməm?” məqaləsi hər bir kəsə ünvanlanaraq oxucunu bu sual qarşısında düşünməyə məcbur edir. Ömər Faiqə görə, kiçik, məhkum millətlər öz qanları bahasına varlıqlarını, hüquqlarını qoruyub saxladıqları halda, biz özümüzü tanımazlıq bəlasına düçar olmuşuq. İnsanın əslini və millətini tanımaması öz soy-kökündən uzaqlaşmağa gətirib çıxarır, bu da ən böyük günah, bir xalq üçün silinməz ləkədir. Bu vəziyyəti qara yaraya, daha acılı və daha zəhərli taun çibanına bənzədən ədib biri “qızılbaş”, digəri “ac tat”, başqa birisi “şiə”, “sünni”, “babi”, “persiyan” adlandırılan və Qərbin məqsədli şəkildə parçalamağa çalışdığı türk millətinə üz tutur:

“…Niyə sana: “Kimsən?” dedikləri vəqt həqiqi cavabında aciz qalıyorsan? Niyə sadəcə deyə bilmiyorsan ki: “Mən türkəm”. Niyə bilmiyorsan ki, şiəlikdən, sünnilikdən, babilikdən də əvvəl sən türk idin. İndi də türksən və bundan sonra da türk qalacaqsan. Sənin bu türklüyünə nə şiəlik, nə babilik və nə də dinsizlik mane ola bilməz.

Sən, ey türk, nə əqidədə, nə məsləkdə olursan ol, həmişə türksən!

Sən gərək biləsən ki, dünyada hələ şiə, sünni, babi, şeyx adları yox ikən sən var idin!”

Bu gün Türk dünyasını sünni, şiə adıyla parçalayan Qərbin Şərqdə apardığı “Parçala, hökm sür” siyasətinin mahiyyəti bu deyilmi?!

Davamı…