Xəbərlər

AzMİU-da ekoloji maarifləndirilmə ilə bağlı seminar keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Eco klub və SDG klubunun birgə təşkilatçılığı ilə “Davamlı inkişaf, təmiz mühit – sağlam gələcək” mövzusunda maarifləndirici seminar keçirilib.

“Füyuzat“ın məlumatına görə, bu barədə universitetdən məlumat verilib.

Verilən məlumata əsasən, tədbirin əsas məqsədi tələbələr arasında ekoloji mədəniyyətin formalaşdırılması, dayanıqlı inkişaf prinsiplərinin təbliği, tullantıların idarə olunması sahəsində bilik və bacarıqların artırılması, eləcə də gənclərin bu istiqamətdə potensialının gücləndirilməsi olub.

Seminar zamanı iştirakçılara tullantıların düzgün idarə edilməsi, təkrar emalın əhəmiyyəti, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin qorunmasının vacibliyi barədə ətraflı məlumatlar təqdim edilib.

Çıxış edən mütəxəssislər gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının ətraf mühitin qorunması və cəmiyyətin davamlı inkişafı baxımından mühüm rol oynadığını vurğulayıblar.

Sonda iştirakçılar belə tədbirlərin onların ekoloji düşüncəsinin formalaşmasına və gələcək fəaliyyətlərinə motivasiya verdiyini qeyd ediblər.