Xəbərlər

İtalyan heykəltaraş Cüzeppe Karta Azərbaycan Rəssamlıq Akademiyasında olub

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunan “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ DUY” festivalı çərçivəsində italyan heykəltaraş Cüzeppe Karta Azərbaycan Rəssamlıq Akademiyasında qonaq olub.

“Füyuzat” AZƏRTACA istinadən xəbər verir ki, akademiyanın rektoru xalq rəssamı, professor Natiq Əliyev və akademiyanın rəhbər heyəti Cüzeppe Karta ilə görüşdə Azərbaycan–İtaliya mədəni və incəsənət əlaqələrinin əhəmiyyətini vurğulayıblar.

Görüş çərçivəsində Cüzeppe Karta Akademiyanın Muzey–Sərgi kompleksinin daimi ekspozisiyası ilə tanış olub. Daha sonra tədbirin rəsmi hissəsi başlayıb.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru çıxışında Cüzeppe Kartanın yaradıcılıq yolu və uğurları haqqında danışaraq belə tədbirlərin tələbələrin yaradıcılıq inkişafına və beynəlxalq əməkdaşlığa töhfə verdiyini vurğulayıb. Daha sonra onun yaradıcılığına ilham verən “Təbiət heç vaxt düşmən deyil” adlı videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin əl işi olan xalça Cüzeppe Kartaya hədiyyə olunub.

Qonaq qarşılığında öz əsərlərindən ibarət kataloqu rektora təqdim edib. Sonda heykəltaraşla xatirə fotosu çəkdirilib.