Xəbərlər

Şah İsmayıl Xətainin divanının əlyazması tapılıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elnur Mustafayevin tədqiqatları nəticəsində 60 mindən çox əlyazmanın mühafizə edildiyi Misirin Milli Kitabxanasında Şah İsmayıl Xətainin əlyazması tapılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qahirədə tədqiqat səfərində olan Elnur Mustafayev sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

“Altı saat ərzində onlarla Azərbaycan mütəfəkkirlərinin əlyazma əsərini təsbit etdikdən sonra onlardan dördü üzərində əyani və bir-başa şəkildə tədqiqat apardıq. Qarşısında dayandığım əlyazma əsər Şah İsmayıl Xətainin divanıdır”, – o əlavə edib.

“Sözü gedən əlyazma əsərini araşdırdığım zaman müəyyənləşdirdiyim cəhətləri qeyd edirəm:

Əsər dəridən hazırlanmış, üzəri müxtəlif rəng və fərqli ornamentlərlə bəzədilmiş gözoxşayan üz qabığından ibarətdir. Daxili isə qızılı, qara və qırmızı rənglərdən istifadə edilməklə, şikəstə təliq xətti ilə zərif və nəfis şəkildə yazılmışdır. Əlyazma əsərin xəttatı Sultan Əli Məşhədidir, lakin əsərin yazılma tarixi qeyd edilməmişdir. Əksər səhifələri 14 sətrdən ibarət olmaq şərti ilə əsər 51 vərəqdən ibarətdir”.