8 Noyabr – Zəfər Günü münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində fotoqraf Murad Orucovun müəllifi olduğu “Qələbə sevinci” adlı fotosərgi və bayram konserti keçirilib.
“Füyuzat” AZƏRTACA istinadən xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Leyla Qasımova bildirib ki, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. O qeyd edib ki, beş il əvvəl Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi ədaləti bərpa edərək ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin edib.
Avstriyadakı səfirimiz Rövşən Sadıqbəyli bildirib ki, Azərbaycan mədəniyyətinin və musiqisinin beşiyi olan Şuşa şəhərinin azad edilməsi ilə xalqımız şanlı Zəfərə imza atıb və 44 günlük Vətən müharibəsi qələbə ilə başa çatıb.
Diplomatın sözlərinə görə, münaqişənin başa çatması ilə Azərbaycan yalnız müharibəni deyil, eyni zamanda sülhü qazanmaq üçün də əzmlə yolunu davam etdirib və Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə start verilib.
O qeyd edib ki, 30 illik işğal, dağıntılar, bir milyondan çox qaçqın və məcburi köçkünün faciəsindən sonra bu ölkəmiz üçün çətin, lakin zəruri bir vəzifə idi.
Rövşən Sadıqbəyli diqqətə çatdırıb ki, Azərbaycan tərəfi keçmişdə baş verənləri unutmadan gələcəyə yönəlmiş addımlar atır, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması və regionda əmin-amanlıqla rifahın bərqərar olması üçün səylərini davam etdirir.
O əlavə edib ki, bu proses bu ilin avqust ayında Vaşinqtonda imzalanmış tarixi razılaşmalarla normallaşma istiqamətində yeni bir mərhələyə qədəm qoyub.
“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş 0Məmmədov sərgi barədə fikirlərini bölüşüb. O qeyd edib ki, bu sərgi siyasət haqqında deyil, duyğular haqqındadır. Qələbənin insani tərəfi – insanların sevincli simaları, birliyi haqqındadır. Fotoqraf Murad Orucovun obyektivindən döyüşü və əsgərləri deyil, işığı və sülhü görmək mümkündür və hər bir foto canlı tarixdir. Çünki incəsənət sözlər olmadan da yaddaşı qorumaq gücünə malikdir.
Çıxışlardan sonra tədbir iştirakçılarına “Zəfər – 44 gün” adlı videoçarx nümayiş olunub.
Sonra Vyanada yaşayan azərbaycanlı musiqiçi Fərid Feyzullayevin rəhbərlik etdiyi orkestr Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqramı ilə çıxış ediblər. Konsertdən sonra qonaqlara ziyafət verilib.



