Xəbərlər

Ədibə İsmayılova: Milli Kitabxana həm fiziki, həm də rəqəmsal mühitdə mühüm rol oynayır

“Kitabxanaların qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin artan informasiya tələbatını qarşılamaqdır. İnformasiya bolluğu dövründə insanlar daha çox geniş resurslara malik, internetlə təmin olunmuş müasir kitabxanalara üz tutur. Bu baxımdan ölkəmizin ən zəngin kitab fonduna sahib qurumlardan biri Azərbaycan Milli Kitabxanasıdır”.

“Füyuzat” AZƏRTAC-a istindən bildirir ki, bunu açıqlamasında Azərbaycan Milli Kitabxanasının elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova deyib.

Onun sözlərinə görə, Milli Kitabxananın fondunda həm Azərbaycan ədəbiyyatının geniş arxivi, həm də dövr mətbuatının zəngin nümunələri toplanıb.

“Bu gün kitabxana həm cari Azərbaycan nəşrlərini, həm dövr mətbuatını, həm də müxtəlif xarici dillərdə ədəbiyyatları fondunda toplayaraq düzgün komplektləşdirməyə böyük əhəmiyyət verir. Məhz bu düzgün komplektləşdirmə oxucuların kitabxanaya marağını artırır və onların daha çox müraciət etməsinə şərait yaradır. Təbii ki, kitabxanaya cəlb edən təkcə resurslar deyil, həm də burada yaradılmış şəraitdir”, – deyə Ə.İsmayılova əlavə edib.

Oxucuların böyük əksəriyyətinin gənclər olduğunu diqqətə çatdıran direktor müavini söyləyib: “Onların 80 faizini gənclər təşkil edir. Gün ərzində kitabxanamıza 700–800 oxucu müraciət edir. Bununla yanaşı, virtual oxucuların sayı daha yüksəkdir. Milli Kitabxananın elektron resurslarına 8 milyondan artıq istifadəçi müraciət edib. Bu rəqəmlər kitabxananın həm fiziki, həm də rəqəmsal mühitdə nə qədər böyük rol oynadığını göstərir. Oxucu tələbatına nəzər saldıqda maraqlı bir məqam ortaya çıxır ki, illərdir dəyişməyən ənənə olaraq Milli Kitabxananın oxucuları daha çox elmi ədəbiyyata üstünlük verirlər. Bədii kitablara olan maraq da var, lakin elmi nəşrlərə yönələn tələbat hər zaman daha yüksək olub”.