“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sərnişin tələbatının qarşılanması və məmnunluğunun artırılması məqsədilə “Bənövşəyi xət”də qatarların hərəkət intervalını ilk dəfə 5 dəqiqəyədək azaldıb.
“Füyuzat” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Məlumata görə, rəqəmsal həllərin tətbiqi, texniki tənzimləmə və optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb. Nəticədə “Avtovağzal–Xocəsən” sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib.
Bildirilib ki, bu addım sərnişin axınının daha çevik idarə olunmasına, eyni zamanda ümumi xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb. Bakı metropolitenində sərnişin rahatlığının təmin olunması istiqamətində texniki və təşkilati tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək.



