Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə noyabrın 24-dən 26-dək Səudiyyə Ərəbistanında silsilə tanıtım tədbirləri keçirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Məlumata əsasən, “Şahdağ” Turizm Mərkəzi və “Azərbaycan Hava Yolları” (AZAL) daxil olmaqla 11 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlər Ciddə, Əl-Xobar və Ər-Riyad şəhərlərində baş tutub. Səudiyyə Ərəbistanından olan 200-dən çox turizm şirkəti və media nümayəndəsinin bir araya gəldiyi tədbirlərdə ilboyu cəlbedici səyahət destinasiyası kimi Azərbaycanın müxtəlif turizm məhsulları haqqında məlumat verilib, o cümlədən sağlamlıq turizmi, halal turizm və ailəvi istirahət imkanları diqqətə çatdırılıb, B2B formatlı görüşlər keçirilib.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaxın Şərq regionu üzrə keçirilən tanıtım tədbirlərinin tərkib hissəsi kimi noyabrın 12-dən 14-dək Küveyt, Doha, Muskat, Əbu-Dabi və Dubay şəhərlərində təşkil olunan silsilə tədbirlərdə 420-dən çox turizm sənayesi və media nümayəndəsi iştirak edib.



