Alimlər damarlar vasitəsilə üzərək dərman çatdıra bilən və hədəfə çatdıqdan sonra bədəndə həll olaraq yox olan mikro ölçülü robotlar yaradıb, heyvanlar üzərində uğurla test ediblər.
“Füyuzat” xəbər verir ki, tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib.
Mikro robotlar qum dənəsi böyüklüyündə jelatin kapsullardan ibarətdir. Kapsulların içində həm müalicə məqsədli dərman, həm də maqnit sahəsi ilə idarə olunmalarına imkan verən dəmir oksid nanohissəcikləri yerləşdirilib.
Tədqiqatçılar klinik maqnit navigasiya sistemi və real vaxt rentgen görüntüləmə texnologiyasından istifadə edərək bu mikro robotları damar quruluşu insanlara bənzəyən donuz və qoyunların beyin damarları içərisində idarə edə biliblər.
Robotlar damarlar vasitəsilə hədəf bölgəyə dərmanı çatdırdıqdan sonra bədəndə öz-özünə həll olaraq tamamilə yox olublar.



