Əsirgə sən, ya Rəbb, yabançı gözdən
Bizim eldə məbədinin daşını!
Acı bizə, imanımız sönməsin,
Rəhmətinlə dindir bu göz yaşını!
Ya Rəbb, Vətən sənin, iman sənindir!
Vətəndə lal qalan məscid, minarə
Gözün dikmiş səsin gələn diyarə.
Qəribliyə deyilmi bu işarə?
Məhşər oldu… atma bizi kənarə!
Ya Rəbb, Vətən Sənin, iman Sənindir!
Mömini güldürən Quran Sənindir!
Sufilərin böylə olub küsməsi,
Azanların titrəyərək əsməsi.
Xətmlərin, xütbələrin hər səsi
Çağırmaqda imdadına Bir Kəsi!
Ya Rəbb, Vətən Sənin, iman Sənindir!
Mömini güldürən Quran Sənindir!
Ey mərdliyi ilham edən böyük Haqq!
Buyruq sənin, qullarına nə sormaq?!
Pək dərdliyiz, bir ərzimiz var ancaq!..
Ya Rəbb, Vətən Sənin, iman Sənindir!
Mömini güldürən Quran sənindir!
Kərəminlə xəbər verdin adını,
Bizə daddır o Cənnətin dadını!
Ümmətinin düşündürüb şadını,
Ağa, tikmə bizə hər yad badını!..
Ya Rəbb, Vətən Sənin, iman Sənindir!
Mömini güldürən Quran Sənindir!
Əhməd Cavad



