Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın əvvəlinə ABŞ-a planlaşdırılan səfəri zamanı Amerika lideri Co Baydenlə Ukrayna böhranı və Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Hakan jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, səfərin gündəliyində duran məsələlər arasında ikitərəfli və regional əməkdaşlığa xüsusi diqqət yetiriləcək: “Qəzza məsələsi birinci yerdədir, Ukrayna məsələsi də gündəmdə olacaq. Bu iki müharibə regionumuza təsir edir, qlobal qırılma xətlərini təhrik edir və digər risk sahələri yaradır”.
Qeyd edək ki, Ərdoğanın ABŞ-a səfəri mayın 9-na planlaşdırılıb.
Fidan həmçinin F-16 ilə bağlı məsələnin artıq həll olunduğunu deyib: “Türkiyəyə 40 ədəd yeni F-16 qırıcısının satılması və mövcud 79 ədəd F-16 qırıcısının təkmilləşdirilməsi mövzusu ABŞ Konqresinin müqaviləni təsdiqləmək istəməməsi səbəbindən uzun müddətdir təxirə salınırdı. Müqavilənin həyata keçirilməsi Ankaranın İsveçin NATO-ya müraciətini təsdiqləməsi ilə bağlı idi. Son zamanlar bu məsələdə ciddi irəliləyiş əldə olunub”.
Türkiyənin xarici işlər naziri Ərdoğanın ABŞ-a səfəri zamanı ikitərəfli əməkdaşlığın geniş spektrinin də müzakirə olunacağını bildirib: “Prezidentimizin sözlərinə görə, Türkiyə-Amerika münasibətləri təkcə təhlükəsizlik məsələləri ətrafında deyil, həm də iqtisadiyyat, texnologiya, ticarət və digər sahələri əhatə edir ki, bu da geniş spektrdə daha balanslı əlaqələr yaradır. Prezidentimiz bu məsələ ilə bağlı fikirlərini bildirəcək”, – deyə Fidan əlavə edib.