Qədim Misir tarixinin ən mübahisəli məsələlərindən biri olan Santorini (Thera) vulkan püskürməsinin dəqiq vaxtı ilə bağlı yeni tədqiqat aparılıb. Ben-Qurion Universiteti və Qroningen Universitetinin alimləri faron Ahmosenin dövrünə aid artefaktların ilk radiokarbon analizini edərək bu mövzuda mühüm nəticələr əldə ediblər.
“Füyuzat” bildirir ki, xəbər “PLOS ONE” jurnalında dərc edilmiş araşdırmanın nəticələrinə əsaslanır.
Tədqiqat göstərib ki, Egey dənizində baş vermiş nəhəng Santorini püskürməsi əvvəllər düşünüldüyündən daha erkən – Yeni Krallıq dövründən əvvəl, yəni İkinci Aralıq Dövründə baş verib. Bu nəticə Misirin XVIII sülaləsinin başlanğıcını “daha gənc” tarixə salır və Misirin həmin dövrdə bölgə mədəniyyətləri ilə əlaqələrinin yenidən dəyərləndirilməsinə səbəb olur.
Alimlər Britaniya Muzeyi və Petri Muzeyində saxlanılan Ahmosenin dövrünə aid gil kərpic, kətan parça və taxta fiqurlardan nümunələr götürərək radiokarbon analizi aparıblar. Bu analizlər püskürmənin tarixini və Ahmosenin hakimiyyət dövrünü yenidən nəzərdən keçirməyə imkan verib.
Tədqiqatçılar bildirirlər ki, İkinci Aralıq Dövrü əvvəlki hesablamalardan daha uzun sürüb və nəticə etibarilə Yeni Krallığın başlanğıcı daha gec vaxta təsadüf edir.



