Xəbərlər

WP: İran İsrailə cavab hazırlayır, lakin daha geniş qarşıdurmadan qaçmaq istəyir

Rəsmi Tehran İsrailin Suriyadakı İran konsulluğuna raket hücumuna cavab hazırlayır, lakin Yaxın Şərqdə münaqişənin daha da genişlənməsindən qaçmaq istəyir.

“Füyuzat”ın məlumatına görə, bu barədə mənbələrə və ekspertlərə istinadən “The Washington Post” (WP) məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri (İDF) bildirib ki, onlar İran səfirliyinə deyil, Dəməşqdəki SEPAH obyektinə zərbələr endiriblər.

Nəşrin həmsöhbətlərinin fikrincə, İranın sərt ritorikasına baxmayaraq, respublika hücuma cavabını diqqətlə nəzərdən keçirəcək. Amerika, İsrail və Qərb rəsmiləri hesab edir ki, Dəməşq konsulluğuna hücum təxribat xarakterli olsa da, kütləvi itkilərə səbəb olmayıb.

Həmçinin, İsrailin yüksək səviyyəli təhlükəsizlik rəsmilərindən biri qeyd edib ki, İsrail İrandan kəskin reaksiya gözləmir, çünki bu, İsrailin Suriyada İrana və onunla əlaqəli üsyançı qüvvələrə qarşı həyata keçirdiyi ilk hücum deyil.