Xəbərlər

Türkoloji Qurultayın 100-cü ildönümü münasibətilə sənədli film hazırlanır

1926-cı il Bakı Türkoloji Qurultayının 100-cü ildönümünə həsr olunmuş və Azərbaycan Respublikasının himayəsi ilə hazırlanan sənədli film üçün 8 dekabr 2025-ci il tarixində Türk Dil Qurumunun sədri Prof. Dr. Osman Mert müsahibə verib.

“Füyuzat”ın məlumatına görə, sənədli film layihəsi çərçivəsində Azərbaycan mədəniyyət nazirinin müşaviri, Azərbaycan kinosunun keçmiş baş direktoru Orxan Fikrətoğlu və komandası Qazi Universitetində Azərbaycan Mədəniyyət Mərkəzinə bağlı Azərbaycan Türk Dili Təhsil Mərkəzində çəkiliş aparıb.

Sənədli film qrupu I Türkoloji Qurultayın tarixi əhəmiyyəti, Atatürkün türk dili nəzəriyyəsi, Osmanlı əlifbası ilə yazılmış əsərlərin latın hərflərinə köçürülməsi, türk dünyasında ortaq ünsiyyət dilinin elmi əsasları haqqında Osman Mert ilə geniş müsahibə aparıb.

Qeyd edək ki, çəkilişləri Azərbaycan Kültür Mərkəzinin Azərbaycan Türk Dili Təhsil Mərkəzinin direktoru, doktor Şəhla İbişova aparıb.

Onu da əlavə edək ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə layihəsi əsasında əsgi Azərbaycan əlifbasından latın qrafikasına transliterasiya edilən və XX əsrin əvvəllərində Azərbaycanın ilk qadın mətbu orqanı olan “İşıq” qəzetinin transliterasiya edilmiş toplusu Türk Dil Qurumuna hədiyyə edilib.