Xəbərlər

Daşkənddə “Türk Dünyası Gənclərinin Təhsil Forumu” keçirilir

Daşkənddə Ümumdünya Türk Dilləri Ailəsi Gününə həsr olunmuş “Türk Dünyası Gənclərinin Təhsil Forumu” işə başlayıb.

“Füyuzat”ın məlumatına görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Forumun məqsədi Türk dünyası gəncləri arasında təhsil, elm və mədəni əməkdaşlığın gücləndirilməsi, ortaq dəyərlərin təbliği və gələcək birgə təşəbbüslər üçün dialoq platformasının yaradılmasıdır.

Forumun açılış mərasimində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Türkiyənin Özbəkistandakı səfirliyinin birinci katibi Gökberk Kurultay, eləcə də Qazaxıstanın Özbəkistandakı səfirliyinin müşaviri Serjan Sarsenbayev, Türk Dövlətləri Beynəlxalq Universitetinin rektoru vəzifəsini icra edən Baxodir Törayev, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvahid Azimov, Özbəkistan Gənclər İttifaqı Mərkəzi Şurasının sədri Xayrulla Sattarov, Daşkənd Dövlət Nəqliyyat Universitetinin rektoru Abdulaziz Gulamov, həmçinin Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası nəzdindəki Gənclər Parlamentinin sədri Otabek Sabitov çıxış ediblər.

Tədbirin bədii hissəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ zəfəri” ansamblı rəqs nömrəsi göstərib.

Forum panel sessiyalar, elmi müzakirələr və gənclərin fəal iştirakı ilə keçirilən tədbirlərlə davam edir.