Xəbərlər

AZAL-ın təyyarəsinin qəzaya uğramasından bir il ötür

Bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında kənar təsirlər nəticəsində qəzaya uğramasından bir il ötür.

Xatırladaq ki, hadisədən sonra verilən məlumatlarda bu zaman 38 nəfərin həlak olduğu, 29-nun yaralandığı bildirilib.

Təyyarə qəzasında həlak olan və yaralananlara Azərbaycan dövlətinin diqqəti

Pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində təyyarədə olan 30-a yaxın sərnişin sağ qalmağı bacarıb. Prezident İlham Əliyev bu fədakarlığı yüksək qiymətləndirərək “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190″ tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi” haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, pilotlar Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və bələdçi Əliyeva Hökumə Cəlil qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüblər. Digər bələdçilər – Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

AZAL təyyarəsinin qəzasından bir il ötür

Həmçinin təyyarənin ekipaj üzvləri – pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda torpağa tapşırılıblar.

Bundan başqa, Mərkəzi Bankın tövsiyəsi, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşəbbüsü ilə qəza nəticəsində həlak olan ekipaj üzvlərinin və sərnişinlərin bank və bank olmayan kredit təşkilatları qarşısında olan kredit öhdəlikləri tam şəkildə silinib.

Qardaş Qazaxıstandan dəstək

Hadisənin ilk anlarından Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 11 texnikası və 52 nəfərlik canlı heyət üzvü qəza yerinə cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb. Yerli tibb personalına dəstək göstərmək məqsədilə Astanadan xüsusi tibbi-sanitar təyyarə ilə Səhiyyə Nazirliyi yanında Fövqəladə Səhiyyə üzrə Milli Koordinasiya Mərkəzinin mobil briqadası göndərilib. Heyətdə iki reanimatoloq, dörd travmatoloq, bir neyrocərrah və yanıq üzrə mütəxəssis yer alıb. Eyni zamanda, səhiyyə nazirinin müavini Timur Muratov müalicə prosesinə nəzarəti şəxsən öz üzərinə götürərək, yaralılardan bir neçəsini müayinə edib.

Azərbaycan və Qazaxıstan vətəndaşı olan bir qrup şəxs Mangistau vilayətində yerləşən regional xəstəxanaya axın edərək yaralılara yardım məqsədilə qanvermə aksiyası keçiriblər.

Astana sakinləri təyyarə qəzası zamanı həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycan səfirliyinin qarşısına gül dəstələri gətirib, həlak olanların yaxınlarına dəstəklərini ifadə ediblər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “Embraer 190” təyyarəsinin qəzasının araşdırılması üçün komissiya yaratmağı tapşırıb. Komissiyaya baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edir.

Komissiya araşdırmada Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə əməkdaşlıq edir.

Məlumata görə, qəza ilə bağlı yekun hesabat 2025-ci ilin sonuna qədər Çikaqo Konvensiyasına uyğun olaraq dərc ediləcək.

Qəzanın üstündən bir il keçsə də, məsələ Azərbaycan dövlətinin daim diqqətindədir.