Xəbərlər

Tayvan və ABŞ hərbi təlimləri artırmaq niyyətindədirlər

Tayvan və ABŞ hərbçiləri birgə əməliyyatlarda öz bacarıqlarını gücləndirmək üçün təcrübə mübadiləsini davam etdirəcəklər.

“Füyuzat”ın məlumatına görə, bunu Tayvan Hərbi Dəniz Qüvvələrinin komandanı Tan Hua Vaşinqtonda ABŞ Hərbi Dəniz Qüvvələrinin konfransı çərçivəsində jurnalistlərə deyib.

Tayvan və ABŞ arasında hərbi təlim sahəsində mübadilələr haqqında danışan Tan Hua bildirib: “Biz bu cür mübadilələr haqqında heç vaxt “artıq kifayət edir” deməyəcəyik. Təlimləri həmişə davam etdirmək lazımdır, çünki zaman dəyişir və vəziyyət də davamlı olaraq yeniliklərə uyğun dəyişir. Avadanlıq və personal inkişaf etdikcə iki tərəfin qarşılıqlı əlaqəsi də zamanla dəyişəcək”.

Məlumatda həmçinin qeyd olunur ki, qarşılıqlı fəaliyyət müttəfiq qüvvələrin birgə döyüş əməliyyatları aparmaq qabiliyyətini yaxşılaşdırır.

Tan Hua bundan əvvəl ABŞ-ın Hind-Sakit Okean Komandanlığının qərargahının yerləşdiyi Havay adalarında olub. O, Birləşmiş Ştatlara səfəri zamanı yüksək rütbəli amerikalı hərbçilərlə görüşməyi planlaşdırıb-planlaşdırmadığı barədə suala cavab verməyib.