Xəbərlər

Həftənin seçilmiş şeiri – Azərbaycan

“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Məhəmmədhüseyn Şəhriyarın ”Azərbaycan” şeiridir. Xoş mütaliələr!

Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getməz müdam xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan.
Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub, mülkü-İran, Azərbaycan!
Bisütuni-inqilabda Şirin-Vətən üçin Fərhad
Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan.
Vətən eşqi məktəbində can verməyi öyrənmişik
Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan
Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan!
İgidlərin İran üçün şəhid olmuş, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!
Övladların nə vaxtadək tərki-vətən olacaqdır
Əl-ələ ver, üsyan eylə, oyan, oyan Azərbaycan!
Bəsdir, fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!

M.H.Şəhriyar