Xəbərlər

Azərbaycanlı rejissorun filmli beynəlxalq müsabiqəyə qatılacaq

Şamil Əliyevin “Yaradanlar – 2” bədii-sənədli filmli 24-cü Dəkkə Beynəlxalq Film Festivalının dünya kinosu bölməsində müsabiqəyə qatılacaq.

“Füyuzat“ın məlumatına görə, festival 2026-cı il yanvarın 10-dən 18-dək Banqladeşin paytaxtı Dəkkə şəhərində keçiriləcək.

Film görkəmli memarlar Mikayıl Useynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edildi. Mikayıl Useynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur oldular. Filmdə diqqətə çatdırılır ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq, onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.

“Yaradanlar – 2” filmi “Salnamə” studiyası və Nurfilm Prodüser Mərkəzində 2024-ci ildə istehsal olunub. Filmin quruluşçu rejissoru Şamil Əliyev, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynov və Şamil Əliyevdir.