Dinlə sözlərimi, yaxşı qulaq as,
İnsan bu dünyada qonaqdır, qızım.
Şan-şöhrət, var-dövlət, bəzək-düzəklər
Bu gün var, sabah yox, sınaqdır, qızım.
Ətrafa boylanıb bir göz gəzdirsən,
Nə qədər hikmətlər, sirlər görərsən.
Toxum səp, meyvəsin mütləq dərərsən,
Zəhmətin bəhrəsi dadlıdır, qızım
Sadə ol, sadəlik ucaldar səni,
Gözəl duyğularla bəslə qəlbini.
Bir xoş söz dost edər qəddar düşməni,
Yaxşı dost insana arxadır, qızım.
Söz verib sözünün tutanlardan ol,
Məzluma köməyə qaçanlardan ol.
Oxumaq həzzini duyanlardan ol,
Vaxtın boş keçməsin, amandır, qızım.
Səndən böyüklərin çıxma sözündən,
Nəsihət dinləsən, xeyir görərsən.
Ən gözəl nəsihət, bilmək istəsən,
Allahın kəlamı Qurandır, qızım.
Vüqar Adilov



