Ədəbiyyat Xəbərlər

Mən həbs olunandan bəri

Bu gün görkəmli türk şairi Nazım Hikmətin doğum günüdür. Onun poeziyası yalnız bir dövrün deyil, bütün zamanların azadlıq, sevgi və insanlıq çağırışıdır. Nazım Hikmət sözə verdiyi cəsarət və səmimiyyətlə ədəbiyyatda silinməz iz qoyub. Bu gün onu xatırlamaq fikirlərinin hələ də nə qədər unudulmaz olduğunu bir daha sübut edir. Bu baxımdan şairin “Mən həbs olunandan bəri” şeirini sizlərə təqdim edirik.

Mən həbs olunandan bəri
Günəşin ətrafına on dəfə dolandı dünya.
Ondan soruşsanız:
“Əhəmiyyətsiz,
mikroskopik bir zamandır”.
Məndən soruşsanız:
“Ömrümün on ili”.
Bir qara qələmim vardı
mən həbs olunduğum il.

Bir həftə yazdı, yazdı qurtardı.
Ondan soruşsanız:
“Bütün bir həyat”.
Məndən soruşsanız:
“Sadəcə, bir həftə”.
Qatil dustaq Osman
mən həbs ediləndən bəri
yeddi il yarım yatıb çıxdı.
Bir az çöldə gəzdi-dolaşdı.
Sonra qaçaqlıq edib yenə tutuldu.
Altı ay yatıb yenə çıxdı.
Dünən kağız gəldi, evlənib,
yazda bir övladı olacaq.
Mən həbs edildiyim il
ana bətninə düşən uşaqlar
indi on yaşına girdilər.
O ilin titrək, incə, uzunayaqlı daylaqları
rahat yerişli, geniş sağrılı minik atı oldular, çoxdan.
Lakin zeytun fidanları
hələ də fidan, hələ də körpədir.
Mən həbs olunandan bəri,
uzaqdakı şəhərimdə yeni meydanlar salınmışdır.
Bizim evin adamları
bilmədiyim bir küçədə
görmədiyim bir evdə olurlar.
Mən həbs olunan il pambıq kimi yumşaq və ağ idi çörək,
sonra cirəyə düşdü.
Burada, həbsxanada bir-birini qırdı adamlar
yumruq boyda qapqara bir parça çörək üçün.
İndi bir az çoxalıb,
ancaq sarımtıl və dadsızdır.
Mən həbs olunan il
ikinci müharibə hələ başlanmamışdı.
Daxauda (Alman düşərgəsi) ocaqlar yandırılmış,
atom bombası atılmamışdı Xirosimaya,
Boğdurulan bir uşağın qanı kimi axdı zaman.
Sonra bağlandı rəsmən o fəsil;
İndi üçüncü hərbdən danışır amerikan dolları.
Fəqət gün aydınlandı heç bir şeyə baxmayaraq…
Mən həbs olunandan bəri
Və qaranlığın kənarından
onlar ağır əllərini torpağa dayayıb
qalxdılar yarı yarıya.
Mən həbs olunandan bəri
Günəşin ətrafına on dəfə dolandı dünya.
Və eyni şövqlə təkrar edirəm yenə,
mən həbs olunan il
onlar haqqında yazdıqlarımı:
“Onlar ki torpaqda qarışqa,
suda balıq,
havada quş qədər çoxdurlar,
Qorxaq, igid,
nadan, müdrik və çocuqdurlar,
və məhv edən,
yaradan ki onlardır,
mahnılarda yalnız onların hekayəsi vardır…”

Nazım Hikmət